Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

Sosial 20:56, 21 oktyabr 2025, 15
Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

"Bakuinfo" sabiq baş nazir və xarici işlər naziri Həsən Həsənovun APA-ya müsahibəsini təqdim edir:

- Ramiz Mehdiyevlə ilk tanışlığınız necə olmuşdu?

- Tanışlığımız 1965-ci ildə, gənc yaşlarımızda olmuşdu. Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsində işləyirdik, mənim vəzifəm ondan bir pillə yuxarı idi. Aramızda sıx da olmasa, müəyyən əlaqə yaranmışdı. 1967-ci ildə Ramiz Mehdiyev Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsinə göndərildi. Mən isə Bakıda, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatına təyin olundum. Az sonra isə Moskvaya, Komsomolun Mərkəzi Komitəsinə işləməyə göndərdilər. Orada Ramiz bir neçə dəfə yanıma gəlib Moskvada fəlsəfə mövzusunda namizədlik dissertasiyası üzərində işlədiyini dedi. Bir müddət sonra məni Moskvadan Bakıya qaytardılar, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində bölmə müdiri vəzifəsində çalışırdım.

1974-cü il ildə Ramiz Bakıda yanıma gəlib namizədlik dissertasiyasını başa çatdırdığını dedi və partiya işinə keçmək üçün kömək göstərməyimi xahiş etdi. Dedim ki, Ramiz, axı sən əziyyət çəkib alim olmaq istəyirdin, yenidən partiya aparatında işləməyin mənası nədir? Dedi ki, dissertasiyanı müdafiə etmişəm, əslində, partiya işçisi olmaq istəyirəm. Ona köməklik etdim. Düzdür, 1974-cü ildə vəzifəm elə də yüksək deyildi, amma hər halda məni tanıyan, hörmət edən adamlar vardı. Onu təriflədim, 1974-cü ilin mayında Heydər Əliyevin qərarı ilə Mərkəzi Komitə aparatında Təbliğat və təşviqat şöbəsinin mühazirəçi vəzifəsinə təyin edildi. İllər keçirdi, amma Ramiz bir dəfə də olsun vəzifəyə mənim vasitəmlə təyin olunmağını dilinə gətirmədi, bu hadisəni heç vaxt, heç yerdə xatırlamadı.

Zaman keçirdi, artıq Ramiz Mərkəzi Komitənin ideoloji məsələlər, mən isə tikinti üzrə katibi işləyirdik. Qarabağ münaqişəsi başlandı. 1988-ci il may ayında Əbdürrəhman Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi vəzifəsinə göndərildi.

Günlərin birində Mərkəzi Komitə katiblərinin toplantısında Vəzirov bildirdi ki, Ramiz Mehdiyevlə danışılıb, diplomatik işdə işləmək istəyir. Ona yardım edəcəyəm, amma bunun üçün gərək, ilk növbədə, Ramiz Mərkəzi Komitənin katibi vəzifəsindən getsin, sadəcə, Mərkəzi Komitə üzvü olaraq qalsın. Ramizdən səs çıxmadı. Ona görə başqaları da danışmadı. Beləliklə, heç bir müzakirəsiz, mübahisəsiz Ramiz yüksək vəzifəni tərk edib səssiz-küysüz Elmlər Akademiyasına sıravi işə keçdi.

Bir müddətdən sonra Əbdürrəhman Vəzirov məsələ qaldırdı ki, Ramiz Mehdiyev nalayiq əməllərə yol verdiyinə görə Mərkəzi Komitənin üzvlüyündən xaric olunmalıdır. Həmin iclasda Vəzirov onun kadr siyasətində yol verdiyi çoxsaylı nöqsanları üzünə dedi. Cavabında Ramiz öz daxili dünyasına xas olan mənfi cəhətləri bir daha nümayiş etdirərək dedi ki, məni məsul vəzifəyə Heydər Əliyev təyin etməyib, buna Həsən Həsənovun köməyi ilə nail olmuşam. Aydın məsələdir ki, mən, sadəcə, onun namizədliyini irəli sürmüşdüm, təyin olunma qərarını isə təbiidir ki, məhz Heydər Əliyev vermişdi. Aradan keçən illər ərzində vəzifəsini 3-4 dəfə yüksəltmişdi. Ramiz Mehdiyev özü də bunu çox yaxşı bilirdi. Amma riyakarlığı bu iclasda bir daha açıq şəkildə üzə çıxdı, hamının gözü qarşısında taleyində Heydər Əliyevin oynadığı rolu inkar etdi. Mənim adımı çəkməyinin səbəbi isə həmin iclasda mənim Mərkəzi Komitənin katibi olaraq Rəyasət Heyətində oturmağım idi.

- Azərbaycana uzun illər rəhbərlik etmiş Heydər Əliyevin taleyindəki rolunu Ramiz Mehdiyev niyə inkar edirdi?

- Bu inkar, sadəcə, Ramiz Mehdiyevin edilən yaxşılıq müqabilində atdığı nankor addımlardan biri idi.

- Ramiz Mehdiyev 1994-cü ildən 7 fevral 1995-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsinin müdiri, 7 fevral 1995-ci ildən sonra isə icra aparatının və nəhayət Prezident Administrasiyasının rəhbəri olub. Beləliklə, Heydər Əliyev müstəqillik illərində Ramiz Mehdiyevi yenə də yüksək vəzifəyə təyin edib. Bəs, Ümummilli rəhbərin Vəzirovun keçirdiyi iclasdan, Ramiz Mehdiyevin riyakar hərəkətindən xəbəri olmayıb?

- Deyə bilmərəm. Şəxsən mən Heydər Əliyevə bu haqda deməmişdim. Amma dövrün mətbuatında Ramiz Mehdiyevin çıxışı tam dərc olunmuşdu. Sonrakı dövrlərdə də Ramizin həmin çıxışı və hərəkəti haqqında dəfələrlə yazılmışdı.

Sual verə bilərsiniz ki, Heydər Əliyev hadisədən xəbərdar idisə, niyə Ramizi yeni vəzifəyə təyin edəndə onu nəzərə almadı? Ümummilli lider adamların bəzi mənfi keyfiyyətlərini qabartmırdı. Dediyim kimi, onunla bu iclas barədə söhbət etməmişdim. Hətta söhbət etsəydik belə, yəqin deyərdi ki, həmin an Ramiz çətin vəziyyətdə qalıb, iradəsi zəif olub, məsuliyyətdən yayınmaq üçün məcburiyyət qarşısında belə danışıb.

- Siz Baş Nazir olanda Ramiz Mehdiyevlə əlaqəniz olubmu?

- Mən Baş nazir olanda Heydər Əliyev Naxçıvanda idi. Həmin dövrdə Azərbaycan Prezidenti olan Ayaz Mütəllibov da mənəvi-insani nöqteyi-nəzərdən elə Ramiz səviyyəsində idi. Heydər Əliyev Ramiz kimi Ayazı da dəfələrlə yüksək vəzifələrə təyin etmişdi. Ayaz Mütəllibov isə prezident olan kimi Heydər Əliyevin kadrı olmasını danmışdı. Mən o vaxtlar Heydər Əliyevlə gün ərzində 3-4 dəfə danışırdım. Bu isə çoxlarını narahat edirdi. Çünki məntiqlə, əslində, Mütəllibovun tərəfində olmalı idim. Amma mən Heydər Əliyevlə münasibətdə özümü müstəqil aparırdım. Ayazın əsas tələbi o idi ki, Heydər Əliyevlə ünsiyyət saxlamaq lazım deyil. Hətta bu məqsədlə mən Heydər Əliyevlə danışdığım xüsusi telefon xəttini də kəsdirmişdi. Bunu bilən kimi mən dərhal Dövlət Təhlükəsizliyi Komitəsinin sədrinə zəng vurub telefonu açdırmışdım. Heydər Əliyev tərəfindən ancaq yaxşılıq gördüyümə görə özümü ona borclu sayıram. O vaxt Ramiz Mehdiyev Akademiyada sıravi işdə işləyirdi. Bir gün mənə zəng vurub yanıma gəlmək istədiyini dedi. Onu qəbul etdim. Soruşdum ki, Akademiyada işləri necədir, bir kömək lazımdırmı? Dedi ki, başqa xahişim var. Naxçıvana gedib Heydər Əliyevlə görüşmək istəyirəm, əgər bir sözün varsa, çatdırım. Dedim ki, Ramiz, mən Heydər Əliyevlə gündə bir neçə dəfə telefonla danışıram, onun sözü olanda mənə deyir, mənim də sözüm olanda ona deyirəm. Onu da bilirəm ki, bu telefon danışıqlarını yazırlar və Ayaza məruzə edirlər. Buna baxmayaraq, Heydər Əliyevlə münasibətimi gizlətmirəm. Ramiz yenə 3-4 dəfə çox təkidlə xahiş etdi ki, Heydər Əliyevə deyəcəyim bir sirr, ya söz varsa, deyim, ona Əliyevə çatdırsın. Dedim ki, hər gün Heydər Əliyevlə danışıram, nə sözüm var, deyirəm.

- Niyə Ramiz Mehdiyev belə təkid edirdi? Nə öyrənmək istəyirdi?

- Dəqiq bilmirəm. Amma ehtimal edirəm ki, Heydər Əliyev onunla görüşmək istəmirdi, sadəcə, mənim adımdan istifadə edib onunla görüşməyə çalışırdı.

- Ramiz Mehdiyevin həmin vaxt Heydər Əliyevlə görüşü baş tutdumu?

- Bilmirəm, heç maraqlanmadım.

- 90-cı illər gərgin dövr idi, Heydər Əliyevin adı ilə bağlı ictimaiyyətdə müxtəlif fikirlər səslənirdi. Ramiz Mehdiyev bu şəraitdə nə mövqedə idi?

- 1992-ci ilin aprel ayında mən Baş nazir vəzifəsindən istefa verib, BMT-də Azərbaycan Respublikasının Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli səfiri oldum. Həqiqətən də, Azərbaycanda Heydər Əliyevin rəhbərliyə çağırılması üçün əhali, xüsusilə 91 nəfər ziyalı böyük hərəkat başlamışdı. Bilindiyi kimi, Ramiz Mehdiyev bu hərəkətə qoşulmamış, 91-lərin Müraciətini imzalamamışdı. Yəni o Heydər Əliyevin ona göstərdiyi insani münasibətə və yaxşılıqlara belə cavab vermişdi.

- Ramiz Mehdiyevin belə münasibəti niyə nəzərə alınmadı?

- Bu, Heydər Əliyevin böyüklüyündən irəli gəlirdi. Ulu Öndər bəzən adamların bir sıra mənfi keyfiyyətinə dözümlü yanaşır, hətta bəraət qazandırırdı. Məhz bu səbəbdən Ramizin hərəkətlərinin də üstündən keçmişdi. Bildiyiniz kimi, o dövrdə Heydər Əliyev məni Amerikadan qaytarıb xarici işlər naziri təyin etdi. O vaxt xəbər tutdum ki, Ramiz Mehdiyev Prezidentin İcra Aparatının ümumi şöbəsinin müdiridir, sonra isə Aparat rəhbəri oldu. Bu məsələdə də mənim rolum vardı, amma nədən ibarət olduğunu demək istəmirəm. Ramiz uzun illər həmin vəzifədə çalışdı. Çox vaxt onu Azərbaycanda “ikinci şəxs” kimi dəyərləndirirdilər. Bir dəfə bir jurnalist məndən soruşdu ki, insanın gücü nədədir? Dedim, bacarıqlı adamdırsa, gücü fəaliyyətindədir, zəif adamdırsa, gücü tutduğu vəzifədədir. Əslində, rəhbərlik sahəsində bacarıqsız olan Ramiz vəzifə hesabına yavaş-yavaş gücünü artırmağa başladı. Bəzən “güclü” ilə “təsir etmək imkanı olan” ifadələrini qarışıq salırlar. Ramiz heç vaxt güclü rəhbər kadr olmayıb, amma vəzifəsi hesabına şəraitə təsir edərək güclü təsəvvürü yaradırdı. İctimaiyyət arasında onu vəzifə hesabına vəziyyətə təsir edən rəhbər işçi kimi dəyərləndirirdilər.

- Siz xarici işlər naziri olan dövrdə Prezident Administrasiyasının rəhbəri kimi Ramiz Mehdiyevlə birlikdə işləmisiniz. Sizə və XİN-in fəaliyyətinə münasibəti necə idi? Xarici siyasətin istiqamətinə hansı formada, hansı yöndə təsir etməyə çalışırdı? Vəziyyətə təsir etmək gücü artdıqca, Sizinlə münasibətləri necə dəyişirdi?

- 1998-ci ilə qədər hər zaman ondan üstün vəzifələrdə olmuşam. 2000-ci ildə deputatlıq müddətim bitdi və parlamentə yeni seçkilər elan olunanda Heydər Əliyev zəng edib soruşdu ki, indi planın nədir, deputatlığa namizəd olacaqsan? Dedim, yox, namizədliyimi vermək istəmirəm. Səbəbi ilə maraqlandı. Dedim, elmlə məşğul olub, dissertasiya müdafiə etmək fikrindəyəm. Atam da mənə belə vəsiyyət edib. Heydər Əliyev hansı mövzu üzərində işlədiyimi soruşdu. Dedim, Nəriman Nərimanov haqqında yazıram. Mövzunu çox bəyəndi. Dedi ki, dissertasiyanı bitirəndən sonra bir də məsləhətləşərik. Beləliklə, mən bir çoxunun nəzərində işsiz oldum, Heydər Əliyev isə məsələ nə yerdə olduğunu yaxşı bilirdi.

Nazir olduğum dövrdə Ramizin nə xarici siyasətə, nə Xarici İşlər Nazirliyinə heç bir təsiri yox idi. Mən gedəndən sonra nazirlər danışırdılar ki, bizim bütün işlərimizə qarışır. 2004-cü ildə möhtərəm Prezident İlham Əliyev məni Macarıstana, 2010-cu ildə Polşaya səfir təyin etdi, 16 il səfir oldum. Bütün bu müddət ərzində Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri idi. 5-6 dəfə mənim, ailə üzvlərimin taleyinə müdaxilə etmək, pislik etmək üçün çalışdı. Amma heç nəyə nail ola bilmədi. Hərəkətlərinin qarşısını məntiqim hesabına dərhal alırdım. Hər dəfə də özünə zəng edib, intriqaları ilə bağlı sözlərimi sərt şəkildə deyirdim. Mənə pislik etmək istəyi Ramizin beynində illərlə qalmışdı. Amma bacarmadı. Əksinə, mənə etdiyinin 10 qatını ona sözlə qaytarırdım.

- Ramiz Mehdiyevin sizə qısqanc münasibətinin səbəbi nə idi?

- Dəqiq deyə bilmərəm, yəqin paxıllığımı çəkirdi. Biz 60 yaşı keçmişdik, hətta o məndən daha yaşlıdır. O gördü ki, məndə vəzifə iddiası yoxdur, o isə həmin dövrdə vəzifədən ötrü özünü həlak edirdi. Sadəcə, mənim varlığım ona rahatlıq vermirdi. Özünü şəstlə akademik adlandırırdı. Hətta məcbur edirdi ki, icra başçıları ona məktub yazanda “Akademik Ramiz Mehdiyevə” deyə müraciət etsinlər. Bu, görünməmiş bir tələb idi. O, anadangəlmə riyakar idi. Ramizdə səmimiyyət deyilən hiss olmayıb. Ramiz açıq polemikaya qadir adam deyil, sözü üzə deyə bilmirdi. El arasında yaxşı bir ifadə var: “Çörəyi dizinin üstündə olan adam”. O da heç vaxt duz-çörəyə hörmətlə yanaşmayıb. İstər Heydər Əliyev, istər İlham Əliyevin etdikləri bu qədər yaxşılıqlardan sonra onun indi üzə çıxan, müzakirə olunan gizli məktubu çox dəhşətli hərəkətdir. İlham Əliyev heç bir vəzifədən gedəni o hörmətlə yola salmadı, amma Ramizi yola saldı.

- Ramiz Mehdiyevin Elmlər Akademiyasının Prezidenti kimi fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Ramiz Kommunist Partiyasının ideologiya katibi olanda, əslində, akademiyanın kuratoru idi. Akademiyanı tanımalı, bilməli idi. Amma AMEA prezidenti olanda heç bir elmi məsələni həll etmədi, hətta heç bir aktual elmi problemi müzakirəyə çıxartmadı. Hansısa elmi problemin həllinə nail olsaydı, yəqin yazardı, deyərdi. Ancaq qalmaqallar, intriqalar gündəmə gəlirdi. Nəticədə onlarca alim onun istefasının tələb etdi.

- Ramiz Mehdiyevlə 60 ildir ki, tanışsınız. Yəqin onun xasiyyətinə müasirlərimizin çoxundan daha yaxşı bələdsiniz. Bu haqda nə deyə bilərsiniz?

- Ramiz Mehdiyev çox qapalı adamdır. 1993-1998 illərdə o, Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi idi. Bu, çox vacib vəzifə idi, çünki bir azərbaycanlı olaraq sovet-marksizm ideologiyası ilə milli ideologiya arasında seçim etməli idi. Tam məsuliyyətlə deyirəm, Heydər Əliyev milli yönümlü kommunist idi. Çünki beynəlmiləlçiliklə milli maraq arasında seçim edərək, milli mənliyimizin inkişafında çox iş görüb. Kommunist Partiyası tələb edirdi ki, beynəlmiləlçiyə üstünlük verilsin, Heydər Əliyev isə milli maraqlara üstünlük verirdi. Amma bunu elə ustalıqla edirdi ki, ona heç bir söz deyə bilmirdilər.

Ramiz Mehdiyev ömründə ilk dəfə AMEA-yada birinci şəxs kimi işlədi. AMEA-nın prezidenti olduğu 2019-2022-ci illər ərzində Akademiyada bir dənə də olsun yeni elmi problem ortaya qoyulmadı. Onun namizədlik dissertasiyası sırf Lenin fəlsəfəsinə, doktorluq dissertasiyası beynəlmiləlçiliyə həsr olunub. Sabir Rüstəmxanlı danışanda eşitdim: Deyir Ramiz Mehdiyev kitabını nəşr üçün təqdim etdi. Yazığımız gəldi, kitabı buraxdıq ki, 3-5 manat qazansın, acından ölməsin. Amma kitabı oxuyanda gördük ki, əsər başdan-başa ölmüş sovet şüarlarından ibarətdir. Hətta 90-cı illərdə də Ramizin doktorluq dissertasiyasında milli heç nə yox idi.

- Hamıya maraqlıdır ki, Ramiz Mehdiyev bu qədər mənfi keyfiyyətlərinə baxmayaraq, necə yüksələ bildi?

- Çünki riyakar adamdır. O, əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi.

- Bəs, niyə ona bu qədər etimad göstərildi?

- Heydər Əliyev öz mənəviyyatına əsaslanaraq, Ramiz Mehdiyevin “91-lər” sırasında olmamasını, dalınca dediyi sözləri bağışladı, onu YAP-da və Administrasiyada əsas vəzifələrə təyin etdi. İlham Əliyev 20 il Ramiz Mehdiyevlə birgə işlədiyini nəzərə alıb etimad göstərib. Amma Ramiz bütün bunlara öz qərəzli mənəviyyatına əsaslanaraq cavab verdi. Heydər Əliyev bir dəfə mənə demişdi ki, Həsən, mən bir adamı vəzifəyə təyin edəndə özümü onun taleyinə şərik sayıram. İndi bu keyfiyyətə beynəlxalq aləmdə “empatiya” deyirlər. İnsanda empatiya yoxdursa, o, rəhbər ola bilməz. İstər Heydər Əliyev, istər də İlham Əliyevdə bu keyfiyyət çox güclüdür. Ramiz isə bunun qarşılığında qərəzli addımlar atdı.

- Ramiz Mehdiyevin ev dustağı olması və ətrafında baş verən proseslərə münasibətiniz necədir?

- Ramiz Mehdiyev barədə istintaq və məhkəmə qərarı ictimaiyyət üçün gözlənilən idi. Riyakarlıq, gizli intriqalar ustası, açıq polemikadan qaçan, “çörəyi dizi üstə olan”, “yaxşılığa yamanlıqla” cavab verən şəxs, nəhayət, lazımı cəzasını alır. Çünki atdığı addımlar cəzasız qala bilməzdi.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ

Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan

15:05, 15 yanvar Sosial

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Son Xəbərlər

Bakı məhbusu Gevorq Ermənistanda "şirə döndü" - "And içirəm ki..."

Ermənistana qaytarıldıqdan sonra sosial şəbəkələrdə pafoslu müraciətlə çıxış edən Gevorq Sujyan Bakıda saxlanılan ermənilərə emosional çağırış edib. "Bakuinfo" Musavat.com-a istinadla xəbər verir ki, Sujyan paylaşımında yazıb: “Mən sizi tərk etmədim, dostlar. Ruhumun bir parçasını sizinlə orada qoydum. Siz amansız əsirliyin caynaqlarında qaldığınız müddətdə mənim üçün rahatlıq olmayacaq. Buna and içirəm”. Məhz bu çıxış Sujyanın kimliyi və Bakıda saxlanılmasının real səbəblərini

22:57, 15 yanvar Siyasət

Xameneinin oğlu Dubaya 1,5 milyard köçürdü

Son 48 saat ərzində İrandan Dubaya təxminən 1,5 milyon ABŞ dolları köçürülüb. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı İsrailin “14-cü kanal”ı İslam İnqilabı Keşikçilər Korpusu ilə əlaqəli şəxsə istinadən yayıb. Köçürmələrin bank sistemi vasitəsilə deyil, kriptovalyutalar yolu ilə həyata keçirildiyi bildirilir. Vəsaitlərin köçürülməsində iştirak edənlər arasında İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin də olduğu iddia edilir. Məlumata görə, M.Xamenei təxminən 328 milyon

16:20, 15 yanvar Dünya

İş adamı Yusif Xəlilovun restoranı söküləcək

Rusiyanın 19-cu Apellyasiya Arbitraj Məhkəməsi Voronej şəhərində yerləşən “Yardi Superbar” restoranının sökülməsi haqqında qərarı təsdiqləyib. “Bakuinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə instansiyası Voronejdə “Alekseevski” bazarının həmsahibi, azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus tikilinin qanunsuz olması ilə bağlı bələdiyyənin iddiasını təmin edən regional arbitraj məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bildirilir ki, sözügedən restoran Voronej şəhərində

16:18, 15 yanvar Sosial

Hacıbala Abutalıbov paytaxtı tərk etdi – Harada yaşadığı MƏLUM OLDU

Uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutmuş Hacıbala Abutalıbov paytaxtdan köçüb. "Bakuinfo" xəbər verir ki, bu barədə onun ailə üzvləri bildirib. Məlumata görə, keçmiş mer Qaxın Ağçay kəndində özü üçün inşa etdirdiyi kiçik villada yaşayır. Onun bu kəndə köçməsinə səbəb isə həyat yoldaşının məhz Ağçaydan olmasıdır. Yaxınları deyi ki, Hacıbaba Abutalıbov təsadüfi hallarda kənd arasında olur. “Yaşlanıb, özü üçün həyət-bacada gəzir” – deyə yaxınları bildirib.

16:06, 15 yanvar Sosial

Prezident TƏSDİQLƏDİ: Bu proses artıq ödənişlidir

Müəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Qeyd edilib ki, dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə

16:02, 15 yanvar Sosial

İqbal Hüseynov işdən çıxarıldı - SƏRƏNCAM

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb. (APA)

15:43, 15 yanvar Ölkə

Tanınmış azərbaycanlı alim ABŞ-da həbs olundu

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tanınmış azərbaycanlı alim, neyrobioloq və Buffalo Universitetinin (Nyu York) professoru Şövqi Hüseynovu həbs edib və onu deportasiya etməyə hazırlaşır. "Bakuinfo" xəbər verir ki, bu həbs Prezident Donald Trampın kütləvi deportasiya proqramının icrası ilə əlaqələndirilir. “The Investigative Post” nəşri Ş.Hüseynov üzərində heç bir cinayət əməlinin olmadığını yazıb. "Onun 2029-cu ilə qədər ABŞ-da işləməyə icazə verən vizası var. 7

15:38, 15 yanvar Sosial

Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi

Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat paylaşıb: “Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdə verilmiş deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib"'. Hacıbəyli bildirib ki, bu gün Ankara İnzibati Məhkəməsi

15:31, 15 yanvar Kriminal

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və

15:22, 15 yanvar Ölkə

Hava kəskin dəyişir: Altı gün qar yağacaq - XƏBƏRDARLIQ

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bunu Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib. O qeyd edib ki, bu müddət ərzində

15:18, 15 yanvar Sosial

Powered by MirTech